Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı.
== Həyatı ==
Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir.
== Yaradıcılığı ==
1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.