Omanın dövlət quruluşu
Omanın dövlət quruluşu - 1996-ci ildə qəbul edilmiş Dövlətin Əsas Qanununa (Ağ Kitab) əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Oman Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik unitar islam monarxiyasıdır. Milli bayram günü olan Sultanın ad günü 1970-ci ildən etibarən hər il 18 noyabrda qeyd olunur. Dövlətin Əsas Qanunu (Ağ Kitab) 6 noyabr 1996-cı ildən qüvvədədir.
Oman Sultanlığı 11 mühafaza (Dofar, Maskat, Musandam, Şimali Əl-Batina, Cənubi Əl-Batina, Şimali Əş-Şarkiya, Cənubi Əş-Şarkiya, Əd-Daxiliyə, Əz-Zahirə, Əl-Buraymi və Əl-Vusta) bölünür.
Oman Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər (imam) və ali hakim, habelə silahlı qüvvələrin ali baş komandanı, maliyyə, müdafiə və xarici işlər naziridir.
Dövlətin idarə olunması, o cümlədən icraedici və qanunvericilik hakimiyyəti bütövlükdə Sultanın səlahiyyətinə aiddir. Kabinetin üzvləri və digər vəzifəli şəxslər, habelə 1996-cı ildən fəaliyyət göstərən Dövlət Şurasının 41 üzvü Sultan tərəfindən təyin olunur.
Nazirlər Kabinetinin tərkibi, ona bilavasitə rəhbərlik edən Sultanın xüsusi nümayəndəsindən, Baş nazirin 3 müavinindən (bir qayda olaraq Sultanın ən yaxın qohumları olur), Kabinetin katibindən və 20-dən artıq nazirdən ibarətdir. Nazirlərin və əyalət qubernatorlarının böyük əksəriyyəti hakim ailəyə mənsubdurlar.