Praqa
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı.
31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir.
Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur.
Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır.
Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var.