Qarnıyarıq yaşayış yeri
Qarnıyarıq yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə.
Qarnıyarıq yaşayış yeri Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində, dağ silsiləsinin çaya doğru uzanan hündür çıxıntısı üzərində yerləşir. Mədəni təbəqə uzun müddət təbii aşınmaya məruz qaldığından tamamilə dağılmışdır. Yerüstü materiallar çəhrayı və boz rəngli gil qab parçalarından, daşdan hazırlanmış əmək alətlərindən ibarətdir.
Yaşayış yerinin cənub tərəfində Kolanı nekropolu yerləşir. Nekropol iki terrasdan ibarət uzunsov, ensiz təpənin üzərində salınmışdır. Qəbirlər daş qutu tipli olub əsasən dördkünc, bəziləri isə oval formalıdır. Qəbirlər yanlarda iri sal daşlarla qurulmuşdur. Bəzi qəbirlərin divarları çay daşları və qaya parçaları ilə hörülmüşdür. Onların üzəri bir neçə iri sal daşla qapadılmışdır.