Qarri Kasparov
Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002)
== Həyatı ==
=== İlk illəri ===
Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur.
1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır.
Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi.
=== Şahmatçı karyerası ===
1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur.
1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.