Quqarlar
Quqarlar — indiki Gürcüstanın Axalkalaki, Lori, Dmanisi, Ermənistanın Quqark rayonunun ərazilərində yaşayırdılar. Fransız
tarixçisi Sen-Martinə görə buraya Quqark əyaləti ilə Ağstafaçayın yuxarı hövzəsi, Lori, Axuryan çayı sahilləri, Axalkalak, Tumanis, Göyəzən və b. mahallar daxil idi.
Erməni mənbələrində Qexarkunik kimi yazılan bu əyalət erməni tarixçilərinə görə, Ermənistanın indiki Kamo, Martuni, Basar keçər, Sevan və Razdan ərazisini əhatə edirdi. Bəzi tədqiqatçıların fikrincə Quqark Gürcüstanın indiki Borçalı və Axalsıx rayonlarının qədim adıdır . K. V. Trever Qoqarenanın Albaniya-İberiya sərhəddində yerləşdiyini yazır.
İlk dəfə (I əsr) Böyük Pliniy Şimali Qafqazda yaçayan tayfalardan birinin adını qorar kimi qeyd etmişdir. Yuxarıda isə dedik ki, Strabonun Ermənistana aid etdiyi Qoqarena əyalətinin adı orada qoqar adını daşıyanların məskun olduğunu göstərir. Deməli, I əsr üçün qoqarlar və ya quqarlar iki regionda – Şimali Qafqazda və Cənubi Qafqazda yaşayırdı. Bundan əlavə, V əsr erməni tarixçisi Favst Buzand IV əsrin əvvəllərinə aid hadisələrlə əlaqədar olaraq yazır ki, Qafqaz Albaniyasının şimal-şərqində (Dərbənddən cənubda) quqar adlı tayfa yaşayır.