Lənkəran qəzasında qətliamlar
== Lənkəran qəzasında soyqırımlara dair mənbələr ==
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyası Sənədlər Arxivinin 277-ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondunda qorunub saxlanılan sənədlər Lənkəranda törədilmiş soyqırıma şahidlik edir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdırmaq üçün təşkil edilən Fövqəladə Təhqiqat Komissiyası denikinçi-daşnak-bolşevik qüvvələrin fəaliyyəti ilə bağlı olaraq Lənkəran qəzasında təhqiqat işlərinə başlanılmadığına görə FTK-nın sənədlərində bu barədə məlumat demək olar ki, yoxdur. Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Xüsusilə də Zаqаfqаziyа (Qоri) Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Tədqiqatın gedişində Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrinə də müraciət edilmişdir. Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Mirhaşım Talışlının da xatirələrindən istifadə edilmişdir.
== Daşnak-Denikinçi birləşmələrin törətdiyi soyqırımlar ==
Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bu məqsədlə həyata keçirilən soyqırımlar 1914-1919-cu illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.