Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana.
Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır.
Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir.
Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.