Mir Əbülfət bəy Talışinski
Ağaxan Talışınski (tam adı: Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski; 19 sentyabr 1885, Lənkəran, Lənkəran qəzası – 21 dekabr 1949, Bakı) — Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor, Kiyev Dövlət İnstitutunun tibb fakültəsinin məzunu.
== Həyatı ==
Həkim, travmatoloq-orteped, Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Ağaxan (Əbülfət bəy) Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ağaxanın əsil adı – Mir Əbülfətdir. Bu ad onun babası Mir Əbülfət xanın (1823–1877) adıdır. Atası Mir Rza xanın (1863–1932) ilk oğul övladı olduğu üçün, ənənəyə görə, atasının adını ona vermişdir, lakin babanın adını daşıyan ilk övlada ailədə ikinci ad olaraq Ağaxan deyilmişdir. Əbülfət bəy Talışinskinin ömür yoldaşı Hacı Zeynalabdin Tağıyev təsis etdiyi qız məktəbini bitirmiş Kişvər xanım Xanoğlan bəy qızı Talışinskaya idi. Onların bir oğlu və bir qızı olmuşdur. Oğlu tibb elmləri namizədi, travmotoloq həkim Əziz (Abbasqulu) Talışinski, qızı Adilə (Lyalya) xanım Talışinskaya.
== Təhsili ==
Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-ci ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə qəbul olur.