Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist.
Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir.
1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir.
Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.