Üçlər ittifaqı
Üçlər ittifaqı — Bismarkın təşəbbüsü ilə Almaniya, Avstriya-Macarıstan və İtaliyanın kollektiv müdafiə məqsədi ilə 1882-ci ildə yaratdıqları hərbi-siyasi blok. 1881-ci ildə İtaliya, Almaniya və Avstriya-Macarıstann arasında danışıqlar başlandı. 20 may 1882-ci ildə Almaniya, İtaliya və Avstriya-Macarıstan arasında ittifaq müqaviləsi imzalandı və Üçlər ittifaqı yarandı. Müqavilə ilk əvvəllər beş il müddətində imzalanmış və sonradan vaxtı uzadılaraq 1915-ci ilə qədər mövcud olmuşdur. Müqaviləyə əsasən tərəflərdən biri eyni vaxtda iki dövlətlə müharibə aparardısa digər tərəflər ona hərbi yardım göstərməli idi. Eyni zamanda tərəflərdən birinin İngiltərə və ya Rusiyaya qarşı müharibəsi zamanı digərləri bitərəf qalmalı idi. Bundan əlavə İtaliya bəyan etmişdi ki , onun bu təşəbbüsləri birbaşa olaraq Böyük Britaniyaya yönəldilməmişdir. İtaliya 1902-ci il noyabrın 1-də Fransa ilə bağladığı sazişə əsasən eyni zəmanəti Fransaya da vermişdi. Üçlər ittifaqı Rusiya və Fransaya qarşı yaradılmış olsa da bu müqavilənin imzalanması ittifaqı zəiflədən səbəblərdən oldu. Yenə xüsusi bir razılaşmada göstərilirdi ki, nə Avstriya-Macarıstan, nə də ki İtaliya Balkanlardakı statuskovu bir birindən xəbərsiz dəyişə bilməzdilər.