İqbal Ağazadə
İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd.
== Həyatı ==
İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin]
=== Ailəsi ===
Evlidir, 2 övladı var.
== Siyasi fəaliyyəti ==
Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib.
Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.