Tulipa biebersteiniana
Biberşteyn dağlaləsi (lat. Tulipa biebersteiniana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.