Tomas Biçem
Tomas Biçem (29.4.1879, Liverpul yaxınlığında Sent-Helens – 8.3.1961, London) — ingilis dirijoru, impresario.
== Həyatı ==
İri əczaçılıq fabrikinin sahibi və musiqi həvəskarı C. Biçemin oğludur. Sistemli musiqi təhsili almamış, kompozisiyanı Ç. Vud və M. Moşkovskidən öyrənmişdir. Dirijor kimi debütü Şekspir memorial teatrında (Klapem, 1905) olmuşdur. 1909-cu ildə öz simfonik orkestrini yaratmışdır. Londondakı “Kovent-Qarden” teatrının dirijoru (1910-cu ildən, 1932– 39-cu illərdə baş dirijor və bədii rəhbər; sonuncu çıxışı 1951-ci ildə olmuşdur). Böyük Britaniyada Dyagilevin rus baletinin (1911, 1913), çıxışlarını, M.P. Musorqski, N.A. Rimski-Korsakov və A.P. Borodinin operalarının London premyeralarını təşkil etmişdir.
== Fəaliyyəti ==
London filarmonik (1932-ci ildən) və Kralfilarmonik (1946–60) orkestrlərinin yaradıcısı, rəhbəri və dirijoru olmuşdur. Ən böyük xarici orkestrlərlə qastrolda olmuşdur (o cümlədən Nyu-York, Boston, Berlin filarmonik orkestrləri ilə), məşhur opera teatrlarında (o cümlədən “Metropoliten-opera”, 1942–44) işləmişdir.
Biçemin son çıxışı 1960-cı ildə olmuşdur.