Ceyhan çayı
Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun) ―Türkiyənin cənubunda, Anadoluda çay.
== Çayın məcrası ==
Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır. Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir.
Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi. Çay dərin və sürətli idi və orta eni 600 fut (180 m) idi.