Habitat
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır.
Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır.