Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar siyasətçisi və ictimai xadimi, Krım Xalq Respublikası hökumətinin ilk sədri, Krım tatar xalqının Birinci Qurultayının təşkilatçısı, ilk dəfə Krım, Litva, Polşa, Belarus müsəlmanlarının müvəqqəti müftisi seçilib. O, Krım tatarlarının dövlət himninə çevrilmiş “Ant etkenmen” (“And etdim”) poemasının müəllifi kimi də tanınır.
== Həyatı ==
Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dilini öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. Rusiya imperiyasının güclərindən xalqını qurtarmaq, haqsızlığa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mərcan İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir.