Tin Surəsi
Tin surəsi (ərəb. سورة التين (oxunuşu: surətət-tin) - əncir surəsi) - Quranın 95-ci surəsi. Məkkədə nazil olmuşdur, 8 ayədir.
Surə adını ilk ayədə işlənən və əncir mənasını verən tin sözündən götürmüşdür.
Surədə Allah iki mübarək meyvəyə - əncir və zeytuna (zeytuna) və iki müqəddəs yerə and içmişdir ki, insanı ən gözəl surətdə yaratmış, ona ağıl, iradə və digər kamil xüsusiyyətlər bəxş etmişdir. Ayələrdə daha sonra deyilir ki, insan Allahın ona bəxş etdiyi qabiliyyətlərdən Allaha ibadət etmək üçün istifadə etmir, buna görə də iman gətirib saleh əməllər edənlər istisna olmaqla, onun səviyyəsi ən aşağı səviyyəyə enmişdir.
Əncir ağacına və zeytuna and olsun! And içirəm Sinin (Sina) dağına! And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)! Biz insanı ən gözəl surətdə yaratdıq.