Muxammecan Tınışbayev
Muxammecan Tınışbayev (12 may 1879 və ya 1879 – 21 noyabr 1937, Daşkənd) — ictimai-siyasi xadim, dövlət adamı, bacarıqlı dəmiryol mühəndisi.
Muxammecan Tınışbayev Qazaxıstanın əsilzadələrindəndir. 1879-cu il mayın 12-də Rusiyanın işğal etdiyi qazax-qırğız torpaqlarında yaratdığı Stepnoy, yəni Çöl quberniyası Semireciye, yəni Yeddiçay vilayətinin Jilanda dağındakı Makançi-Sadırov kəndində anadan olub.
Rus hərbi qubernatoru Kolpakovski işğal edilmiş torpaqların bölünməsi üçün yaradılmış komitəyə Muxammedjan atası Tınışbayı da daxil etmişdir.
Odur ki, Muxammecan ilk təhsilini molla yanında alsa da, sonralar hökumət məktəblərində oxumağa başlamışdır. Atası onu 1889-cu ildə Verni şəhərindəki gimnaziya nəzdindəki ikisinifli hazırlıq sinfinə qoymuşdur. Oranı uğurla başa vurduqdan sonra təhsilini həmin şəhərdəki oğlan gimnaziyasında davam etdirmişdir. Gimnaziyanı 1900-cü ildə uğurla başa vurub tərifnamə alan Muxammedjan Tınışbayev elə həmin il Peterburqdakı I Aleksandr adına İmperator Yollar Mühəndisi İnstituna qəbul olmuşdur.
İnstitutda oxuduğu dövrdə Semireciye general-qubernatorunun Peterburqda türküstanlı tələbələr üçün təşkil etdiyi yataqxanada qalan, məsrəfləri ödənilən, Orenburqa, Daşkəndə təcrübəyə göndərilən Muxammedjan Tınışbayev yaradılmış imkandan çox bacarıqla istifadə edir. 1905-ci ildə onun "Türküstan-Sibir dəmir yol tikintisi" mövzusunda yazdığı diplom işi yüksək qiymətləndirilir, ona kollegiya katibi rütbəsi və hökumət qulluqçusu statusu verirlər.