Çömçəxatun
Çömçəxatun (türk. Çümçe gelin) — Azərbaycan və Anadolu türklərində mifoloji qəhrəman. Bu qəhrəmanla bağlı olaraq Azərbaycanda ən çox yağış yağmayanda, bayramqabağı günlərdə, eləcə də digər vaxtlarda əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim mərasim tipli oyun vardır.
== Əfsanəsi ==
Gözəl və mömin bir qız olan Çömçəxatunun hörməti Allah qatında hamıdan üstün idi. Ona qut verilmişdi və Allahdan nə istəsə gerçək olurdu.Quraqlıq ilində bütün heyvanlar kəsilib, insanlar qırılmaq mərhələsinə çatanda bir təpəyə çıxır, üzünü göyə tutub yağış üçün dua edir. Allah onun duasını eşidib yağış yağdırır. Ancaq Çömçəxatun yağışın altından getmir, axırda çox islanır və yamyaşıl bir ağaca çevrilir. Bu hadisədən sonra Çömçəxatun xalq arasında müqəddəs hesab edilir və il quraq keçəndə onun adına mərasimlər təşkil edilir.
== Adətlər ==
Bu oyunda çömçəgəzdirən gənclər arasından seçilir. O, tanınmamaq üçün köhnə paltar geyinir, xurcununa yaşıl ot və güllərlə bəzədilmiş taxta çömçə qoyur və ata minir.