Ataqo məbədi (Kioto)
Ataqo məbədi (愛宕神社, Ataqo-cinca) – Yaponiyanın Kioto şəhərinin Ukyo rayonundakı Ataqo dağında yerləşən şintoist məbədi.
== Tarixi ==
Məbəd çox uzun müddət Ataqo dağda yerləşən buddist məbədi olan Hakuun məbədi ilə assosiasiya olunurdu. Belə ki, bu buddist məbədi döyüş meydanında qələbəni gətirdiyinə inanılan bodhisattva Cizoya həsr olunmuşdu. Ataqo məbədindəki şintoizm ilahların Cizonun Yaponiyadakı inkarnasiyaları hesab edilmişdir. İnanca görə məbədin ilahları paytaxtı qoruyur, yanğınların qarşısını alır və döyüşçülərin qayğısına qalır. Buna görə də məbədə tez-tez ziyarətlər baş tutmuş və Yaponiyada Ataqo məbədinin bir çox qolu tikilmişdir.
1868-ci ildə şintoizmlə buddizmin ayrılmasından sonra məbədin buddizmlə olan əlaqəsi kəsilmiş və buddizm simvolları məbəddən yığışdırılmışdır.
== Xüsusiyyətlər ==
Ataqo məbədi iki məbəddən ibarətdir. Əsas məbəd (honqu) alov kamisinin anası İzanamiyə, kənd təsərrüfatı kamisi Vakumusubiyə, eləcə də, digər üç kamiyə həsr olunmuşdur. İkinci dərəcəli məbəd (vakamiya) alov kamisi Kaqutsuçiyə və digər iki kamiyə həsr olunmuşdur.