Cemila
Cəmilə (ərəb. جميلة) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir.
III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır.
VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur.
Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.