Naxçıvan maili düzənliyi
Naxçıvan maili düzənliyi — Naxçıvan Muxtar Respublikasının ən böyük düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Duzdağ tirəsi, cənub-qərbdən Araz çayı, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu düz Naxçıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. Naxçıvan maili düzənliyi əsasən Naxçıvançayın və onun qollarının gətirmə konusu çöküntülərindən əmələ gəlmişdir. Naxçıvan düzənliyinin mütləq hündürlüyü 760 m-dən 1100 m-ə qədər olub, sahəsi 320 km2–dən artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma əkinçiliyinin inkişaf etdiyi ərazilərə aiddir. O, Babək rayonu ərazisinin əsas hissəsini təşkil edir.
Naxçıvan düzü Naxçıvançayın gətirmə konusunun geniş bir hissəsini əhatə edir. Ərazidə qədimdən suvarılan və orta dərəcədə yuyulmuş gillicəli torpaqlar yayılmışdır. Tamamilə əkin yerinə çevrilmiş bu sahənin təbii bitkiləri yovşanlardan, taxılkimilərdən, qismən şoranlardan və efemerlərdən ibarətdir.