Elyaz Babayev
Elyaz Babayev (Babayev Elyaz Piri oğlu; d. 26 yanvar 1947, Qafan) — azərbaycanlı alim, Texnika elmləri doktoru, professor. “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biri.
== Haqqında ==
Elyaz Babayev 26 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.Professor Elyaz Babayevin bu elmi kəşfi əsasən 1970-ci illərdə ultrasəslə sümüklərə təsir göstərmək istiqamətində apardığı araşdırmalar və eksperimentlər zamanı baş vermiş mürəkkəb dəyişikliklərin öyrənilməsi vaxtı müəyyən edilmişdir.