Girdə evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.