Mədət Quliyev
Mədət Qəzənfər oğlu Quliyev (27 sentyabr 1958, Kirovabad) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik; Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri (2019–2023), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr-dekabr 2015), Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini (2023-cü ildən).
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir.
1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını "Hüquqşunas" ixtisası üzrə bitirmişdir.
Sambo üzrə idman ustası. Triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var.
1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışmışdır;
1983-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətə başlamışdır;
1993–1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışmışdır; 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası aldığına baxmayaraq, geri çəkilməmiş və cinayətkarların zərərsizləşdirilməyinə nail olmuşdur.