Taş Rabat
Taş Rabat — Qırğızıstanın Narın vilayətinin Atbaşı rayonunda qədim karvansara.
Taş Rabat karvansarası Böyük İpək yolunun yaxınlığında, Fərqanə vadisi ilə İssık-Kul gölünü birləşdirən strateji əhəmiyyətli bir məkanda yerləşdiyi üçün burada insanlar lap qədim dövrlərdən məskunlaşmağa başlamışdılar, amma sərt iqlimə malik olan bu yerdə yaşayan insanların bu gün də öz nəhəngliyi və möhtəşəmliyi ilə hamını heyran qoyan qalanı hansı məqsədlər üçün inşa etdikləri hələ də bir sirr olaraq qalmaqdadır. İş orasındadır ki, Qobi səhrasından Xəzər dənizinədək uzanan böyük bir ərazidə böyük daşlardan istifadə etməklə tikilən bu qalanın analoqu yoxdur.
Taş Rabat karvansarası elə inşa edilib ki, günəş çıxanda onun 4 tərəfini eyni zamanda işıqlandırır. Daşlara düşən günəş işığı otaqlarda valehedici qəribə bir mənzərə əmələ gətirir. Bir sözlə, qala divarlarına düşən günəş şüaları otaqların isidilməsində bir enerji, istilik mənbəyi rolunu oynayır. Qalanı tədqiq edən alimlər bu günə kimi qədim memarların bu qala daşlarından otaqların isidilməsi üçün necə enerji mənbəyi kimi istifadə etmələrinin sirrini aça bilməyiblər. Nə qədər qəribə olsa da qalanın bəzi yerlərində bərpa işləri aparıldıqdan sonra məlum olub ki, istifadə edilən yeni daşlar artıq istilik mənbəyi rolunu oynaya bilmirlər. Tədqiqatçıların son araşdırmaları göstərir ki, bayırda 30 dərəcəyədək şaxta olduqda belə otaqlarda müsbət 10–18 dərəcə istilik olur. Şaxta 40 dərəcəyə çatanda isə otaqları isitmək üçün buxarı tipli isitmə sistemindən istifadə edilib.