Sərgüzəşti-vəziri-xani-Lənkəran
Sərgüzəşti-vəziri-xani-Lənkəran və ya Lənkəran xanının vəzirinin sərgüzəştləri — Mirzə Fətəli Axundzadənin 1851-ci ildə yazdığı komediya.
Bu əsər müəllifin yazdığı 3-cü komediya sayılır və Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir. Komediyada xanlıq idarə üsulu komik dillə ifşa olunur. Burada dramaturq lətifələrdən bacarıqla istifadə edir, xanın şikayətlərə baxarkən çıxardığı hökmlər Molla Nəsrəddin lətifələri qədər məna daşıyır. Ədib bu lətifələrdən istifadə etməklə səriştəsiz, boşbeyin və ağılsız xanı xalq gülüşü ilə öldürür.
Hekayənin sujeti 1800–1801 illərə təsadüf edir. Talış xanlığının vəziri Mirzə Həbib müstəbid kimi göstərilir, ancaq o, xanın qabağında qul kimi alçalır. Həmdə o, öz arvadları tərəfindən yalana və həqarətlərə məruz qalır. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın arasında fədakar məhəbbət göstərilib.
Əsər Hicri-qəməri təqvimi ilə 1267-ci ildə yazılıb, yəni 1851-də.