Naftalan müalicəvi neft yatağı
Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.
== Haqqında ==
Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goranboy dəmir yolu stansiyasından, Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A. İ. Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir.
Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a.
Naftalan yatağı maykop çöküntülərinə aiddir.