Qaraqışlaq (Zəngibasar)
Qaraqışlaq, Dostluq (1978), Hayanist (1991) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə, «qış vaxtı heyvandarların yaşadığı yer, yaşayış yeri» mənasında işlənən qışlaq sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qaraqışlaq İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə, Zəngi çayından axan arxın sağ sahilində, Qarnıgöz bulağının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Dostluq, Ermənistanın
prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Hayanist qoyulmuşdur.
Kənddə 1831-ci ildə 151 nəfər, 1873-cü ildə 735 nəfər, 1886-cı ildə 735 nəfər, 1897-ci ildə 1007 nəfər, 1904-cü ildə 832 nəfər, 1914-cü ildə 1123 nəfər, 1916-cı ildə 1052 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir.