Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şırlan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir.
Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar.