Emil Durkhaym
David Emil Dürkheym (fr. David Émile Durkheim; 15 aprel 1858[…] – 15 noyabr 1917[…], Paris) — Fransa sosioloqu və filosofu, Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi, sosiologiyanın müstəqil elm kimi əsasını qoyanlardan biri.
== Həyatı ==
Emil Dürkheym 1858–1917-ci illər arasında yaşamış və sosiologiya elminə müstəsna töhfələr vermiş dahi fransız sosioloqudur və elə buna görə də sosiologiyanın "atalarından" biri sayılır. Onun "Suicide", "Division of Labour" və "The Elementary forms of Religious Life" əsərləri tarix boyu hər bir cəmiyyətdə mövcud olmuş və indiki dövrdə də müşahidə olunan intihar, xaos, özbaşınalıq, birliyin olmaması kimi ciddi sosial problemlərə işıq tutmuş və onları anlamağımızda və həll yolları tapmaqda köməkçi olmuşdur.
Dürkheym dinin insanları birləşdirən və pis əməllərdən çəkindirən ən əsas amil olduğunu apardığı araşdırmalarla sübut etmişdir. Qısacası, cəmiyyətdəki problemlərin kökünün dinsizlik, birliyin pozulması, eqoizm və maddiyyatın mənəvi dəyərləri üstələməsindən yarandığını deyən Dürkheymin bu ideyası hələ də öz çəkisini qoruyub saxlamaqdadır və XX–XXI əsrlərdə yaşamış məşhur Amerikan sosioloqu Brayan Vilson tərəfindən də sübut olunmuşdur.
== İntiharla bağlı olan tədqiqatları ==
Emil Dürkheymin sosiologiya və ümumiyyətlə, bütün elm aləminə verdiyi ən böyük töhfə şübhəsiz ki, onun intihar hadisələri ilə bağlı apardığı araşdırmalar olmuşdur. Dürkheymə qədər təkcə Qərbdə deyil, bütün dünyada intiharın səbəbi hər zaman intihar edən şəxsin səhhətində və psixoloji durumunda görülürdü, lakin Dürkheym kəşf etdi ki, intiharın səbəbi fərdin özündən çox onun yaşadığı ətraf mühitdə axtarılmalıdır. Dürkheym araşdırmasına müxtəlif Avropa ölkələrindəki intiharla bağlı statistik məlumatları yığaraq başladı. O tez bir zamanda gördü ki müəyyən qrup insanlar (katoliklər, qadınlar, varlı şəxslər, cavanlar) digərlərindən (protestantlar, kişilərdən, qocalardan, imkansızlardan) daha az hallarda intihara əl atırlar.