Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov (1877, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1941, Zəncan, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — Azərbaycan ictimai-siyasi xadimi, şair, jurnalist və tərcüməçi. Müsavat Partiyasının ilk üzvlərindən biri. AXC dövründə Hökumət mətbəəsinin rəhbəri (1918–1920).
== Haqqında ==
Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən olub. Vəli ev təhsili almışdır.
"Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", "K. V. M", "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s. gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib.
"Müsavat" partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olmuşdur.