Qaçaq Kərəm
Qaçaq Kərəm (1860, Qıraq Kəsəmən – 1909, Tehran) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur.
== Həyatı ==
On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür.
Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir".
Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.