III Yezdəgird
III Yezdəgird (624, İstəhr – 652, Mərv) — 38-ci və ya sonuncu Sasani şahənşahı, fars imperiyasının son hökmdarı. 632–651-ci illərdə hakimiyyətdə olmuşdur. Zərdüşt təqvimi onun hakimiyyətə gəldiyi ildən hesablanır.
== Hakimiyyətə gəlişi ==
Qarışıqlıqdan istifadə edilərək 632-ci ildə gənc yaşlarında hakimiyyətə gətirildi və hakimiyyətinin ilk illərində dövlət işləri ilə məşğul ola bilmədi. Dövləti onun adından yüksək rütbəli əyanlar idarə edirdilər. Onun hakimiyyətə gəldiyi vaxtlarda daxili münaqişələr, saray çəkişmələri, əyanların özbaşınalığı artmışdı. Həmin dövrdən başlayaraq ərəb hücumları kəskinləşmişdi.
== Bizansla münasibətlər ==
Sasanilərin əzəli düşməni olan Bizansla münasibətləri qaydaya salmaq məqsədilə Bizans imperatoru Herakliusun oğlu Konstantinin qızı Maynanh ilə evləndi. Bu evlilikdə III Yezdəgirdin məqsədi ölkənin vəziyyətini yaxşılaşdırmaq və Bizansdan kömək almaq idi. Lakin bu tədbirlər imperiyanın süqutunun qarşısını ala bilmədi.