Hüseyn Həşimli
Hüseyn Məmməd oğlu Həşimli (25 avqust 1965, Teyvaz, Culfa rayonu – 20 iyun 2020, Naxçıvan) — filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.
== Həyatı ==
Həşimli Hüseyn Məmməd oğlu 1965-ci il avqustun 25-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndində anadan olmuş, orta məktəbi həmin kənddə bitirmişdir. 1982–1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 1986–2019-cu illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, tədris işləri üzrə prorektor vəzifələrində işləmiş, 2019-cu ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Hüseyn Həşimli geniş ədəbi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Hüseyn Həşimli 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2011-ci ildə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı almışdır. Görkəmli alim zəngin elmi yaradıcılıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirmiş, uzun illər Naxçıvan Dövlət Universitetində gənc kadrların hazırlanması işində böyük əmək sərf etmişdir. 30 kitabın, o cümlədən 350 elmi məqalənin müəllifi olan Hüseyn Həşimlinin çoxsaylı elmi əsərləri həm də beynəlxalq jurnallarda nəşr olunmuşdur. Onun elmin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Hüseyn Həşimli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də ictimai-siyasi xadim kimi də xidmətlər göstərmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V, VI çağırış deputatı, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin sədri olmuşdur.