Qalip Kulaksızoğlu
Qalip Kulaksızoğlu (d. 1889, İstanbul — ö. 22 noyabr 1939, İstanbul) — Peşəkar Türkiyə futbolçusu və klub idarəçisi. 1910-cu ildə "Fənərbaxça" klubunda həm oyunçu, həm də baş məşqçi kimi çalışan Qalip həmçinin klub prezidenti vəzifəsini icra etmişdir.
Lesbos adasının valisi Kulaksızzade Mustafa Paşanın ailəsinin ən böyük oğlu olaraq, 1889-cu ildə anadan olan Qalip bəy ibtidai və orta təhsilini Sent-Cozef Fransız liseyində başa vurmuşdur. 1906-cı ilin yayında Sent-Cozef Fransız liseyindən məzun olan Qalip bəy Kadıköy gəncləri olan Nurizade Ziya Songülen, Ayetullah bəy və Necip Okaner tərəfindən yenicə yaradılan "Fənərbaxça" klubunun 1907-ci ilin sonunda tamamlanan 11 nəfərlik heyətinə sonradan daxil edilmişdir.Sent-Cozef Fransız liseyində ədəbiyyat müəllimi olan və "Fənərbaxça" klubunun 5 qurucusundan biri hesab olunan Ənvər Yetiker Qalip bəyi və onun sinif yoldaşları olan Şevkati Hulusi bəyi və Nasuhi Baydarı komandaya dəvət etmişdir. Qalip bəy 17 yaşı olarkən komandanın heyətinə daxil edilmişdir. Futbolçu karyerasına hücumçu kimi başlasa da, müdafiəçi kimi karyerasını başa vurmuşdur.
Qalip bəy futbol zəkası, üstün texnikası, çevik və komanda oyunu anlayışı ilə futbol ulduzu kimi böyük bir şöhrət qazanmışdır. Tam bir idmançı olan Kulaksızoğlu eyni zamanda tennis, hokkey və avarçəkmə idmanında dövrünün öndə gedən simalarından biri idi.