Qaşığek
Qaşığek - qədim idiofonlu musiqi alətlərdən biri.
== Söz açımı ==
"Qaşığek" sözü "qaşıq" ismindən və "qaşımaq" felindən əmələ gəlib. “Qaşıq” məişətdə istifadə edilən ən qədim mətbəx əşyasının adı, “ek” isə sözdüzəldici şəkilçidir. Yəni, qaşığek dedikdə, qaşığabənzər çalğı aləti nəzərdə tutulur. H.Zərinəzadənin “Fars dilində Azərbaycan sözləri” əsərində “qaşıq” sözü araşdırılır və bu deyimin təmiz Azərbaycan türk kəlməsi olduğu bildirilir.
== Tarixçə ==
Miniatür mənbələrdən aydın olur ki, XVI əsrdə kiçik ölçülü qaşığek aləti Azərbaycanda daha çox istifadə edilib.
XVI əsrdə yaşamış Azərbaycan miniatür rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Məhəmmədi (?-1580) “Dərvişlərin rəqsi” (əslində “Bahar bayramının qarşılanması” – Rasim Əfəndi) qoşa miniatür əsərində dəf, təbirə, dühul, dairə, musiqar, cərəs alətləri ilə yanaşı qaşığeki də təsvir edir. Bu qoşa rəsmdə “Təkə oyunu” el tamaşası təsvir edilib. Oyun iştirakçıları adları çəkilən çalğı alətlərini səsləndirirlər. Məsxərəçilər atılıb-düşərək əllərindəki qaşığeki döyəclədikdə alətin şaqqıltılı səsi ətrafa yayılırmış.