ƏƏSMN
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur.
İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.
Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu.