Aleksandr Deyneka
Aleksandr Aleksandroviç Deyneka (20.5.1899, Kursk – 12.6.1969, Moskva) — rus rəssamı, qrafik, heykəltaraş. SSRİ xalq rəssamı (1963), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947; 1962–66-cı illərdə vitse-prezident).
== Həyatı ==
Lenin mükafatı laureatı (1964). Sosialist əməyi qəhrəmanı (1969) kimi mükafatları vardır. Xarkov rəssamlıq məktəbində təhsil almış (1915–17), Moskvada Ali Bədii-Texniki Emalatxanalarda(1920–25) V.A. Favorskinin tələbəsi olmuşdur. 1920-ci illərdə jurnal qrafikası (“Projektor” və s. jurnallar üçün), kitab illüstrasiyası (İ.A. Krılovun təmsillərinə,1922; A. Barbüsün “Od içində” kitabına,1927 və 1935), plakat, dəzgah qrafikası (“Sevastopol” seriyası, akvarel, quaş, 1932–1934, Dövlət Tretyakov Qalereyası və Dövlət Rus Muzeyi) sahəsində fəal işləmişdir.
== Yaradıcılığı ==
Deyneka boyakarlıq əsərlərində erkən qrafik rəsmlərinin stilistika və tematikasını saxlamışdır. Onun rəsm və pannoları dövrün əlamətləri və ruhunu (kollektivləşdirmə, sənayeləşdirmə, hərbi tematika, ateist pafosu, yeni məişət), konstruktivizm və “yeni əşyaviliyə” yaxın üslubda əks etdirir (“Yeni sexlərin tikintisində”, 1926, Dövlət Tretyakov Qalereyası; “Toxucu qadınlar”, 1927, Dövlət Rus Muzeyi; “Petroqradın müdafiəsi”, 1928, RF Silahlı Qüvvələri Mərkəzi Muzeyi, Moskva). Deyneka aviasiya (“Havada”, 1932, Şəkil qalereyası, Kursk; “Gələcək təyyarəçilər”, 1938, Dövlət Tretyakov Qalereyası) və idman (“Top oyunu”, 1932; “Futbolçu”, 1934, hər ikisi Dövlət Tretyakov Qalereyasında) mövzusuna da böyük diqqət yetirmişdir.