Samaqar noyon
Samaqar noyon və ya Cemakar (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. Samaqar noyonun adı 1271-ci ildə doqquzuncu xaç yürüşüylə kordinasiya edilmiş şəraitdə təşkil edilən Elxani hücumuna rəhbərlik edənlər sırasında çəkilir.
== Həyatı ==
Samaqar haqqında az şey məlumdur, lakin onun adı monqollar və səlibçilər arasında həyata keçirilən əməliyyatlar kontekstində çəkilir. 1269-cu ildə ingilis şahzadəsi Edvard (gələcəkdə I Edvard) kiçik qüvvə ilə Müqəddəs Torpaqlara doqquzuncu xaç yürüşünə başladı. O, 9 may 1271-ci ildə Akraya çatdı. Bu zaman Müqəddəs Torpaqlarda vəziyyət çox kritik idi. Belə ki Məmlük rəhbərlərindən biri olan Baybars Tripolidakı frank əsilzadəsi VI Bohemondu mühasirəyə almışdı.
=== Samaqarın yürüşü ===
Edvard Akraya gələn kimi Elxanilərin o dövrki hökmdarı Abaqa xanın yanına səfir göndərdi. Edvard Elxanilərin qüvvələrindən də yararlanaraq Baybarsa hücum etməyi planlamaqda idi. Abaqa xan 4 sentyabr 1271-ci ildə təklifə cavab üçün yazmış olduğu məktubda buna müsbət cavab vermişdi:
Məsələ ilə bağlı danışdıqdan sonra biz qərara gəldik ki, qüdrətli bir qüvvənin başında Cemakarı (Samaqarı) sizə yardım etməyə göndərək; beləliklə, yuxarıda adı çəkilən Cemakarla bağlı digər planları öz aranızda müzakirə edərkən, düşmənlə döyüşə girəcəyiniz dəqiq ay və gün barədə dəqiq qərarlar verməyinizə əmin olun.