Fuad Məmmədov (texnik)
Fuad Faiq oğlu Məmmədov (14 sentyabr 1981, Bakı) — Texnika elmləri doktoru, dosent.
Fuad Məmmədov 14 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetini "istilik çeviricisi, qeyri–ənənəvi və bərpa olunan enerji mənbələri və qurğuları" ixtisası üzrə bakalavr, 2003-cü ildə isə oranın "enerjinin çevrilməsində gedən proseslərin istilik fizikası" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2003–2006-cı illərdə aspiranturada təhsil almışdır. 2007-ci ildə "Günəş enerjisindən istifadə etməklə xam neftin emala hazırlanması üçün energetik qurğunun işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Dosent elmi adını almışdır. 2016-cı ildə "Alternativ enerji mənbələri əsasında neftçıxarma proseslərində enerji resurslarına qənaət və ekoloji təmiz texnologiyaların işlənməsi" mövzusunda elmlər doktoru dissertasiya işi ilkin müzakirədən keçərək AAK-na müdafiəyə icazə üçün təqdim edilmiş və 2020-ci ildə isə müdafiə etmişdir.
170-ə yaxın elmi əsərin (ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Afrika Respublikası, Rumıniya, Avstriya, Tayvan, Rusiya, Türkiyə, İran), o cümlədən 13 ixtiranın, eləcə də günəş və külək energetikası sahəsində tətbiq olunan bir neçə energetik qurğunun müəllifidir. 2008-ci ildən hal–hazıra kimi Dünya Bərpa Olunan Enerji Şəbəkəsinin (WREN) keçirdiyi Dünya bərpa olunan enerji konqresində (WREC) Beynəlxalq Redaksiya Heyətinin Azərbaycandan üzvüdür. Azərbaycanda ilk dəfə olaraq, 2009-cu ildə nəşr olunan yeddi dilli (Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan) "Günəş energetikası terminləri lüğəti"nin müəllifidir.