Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə.
== Etimologiyası ==
Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur."
== Tarixi ==
Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub.
2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.