Abdurihim Teleşov Ötkür
Abdurihim Teleşov Ötkür (13 iyun 1923, Qumul, Sincan[d] – 5 oktyabr 1995) — Uyğur şairi.
== Həyatı ==
Abdurihim Teleşov Ötkür 13 iyun 1923-cü ildə anadan olmuşdu. 1942-ci ildə Sincan Universitetindən məzun olduqdan sonra, 1949-cu ilə qədər "Altay" qəzetində redaktor kimi çalışmışdı. O, iki dəfə (1951–1958, 1966–1976) tutulmuşdu..
Abdurihim Teleşov Ötkür 1980-ci ildən Sintszyan-Uyğur Muxtar Rayonunun Fəlsəfə və Sosial elmlər Akademiyasının Ədəbi tədqiqatlar institutunun əməkdaşı olmuşdu. 1988-ci ildə "Kutadgu Bilig" cəmiyyətinin Rəyasət heyətinin sədr müavini təyin olunmuşdu.
Abdurihim Teleşov Ötkür 1995-ci ilin oktyabrın 5-də Urumçidə dünyasını dəyişmişdir.
== Əsərləri ==
Abdurihim Teleşov Ötkürün 1940-cı illərdə yazmış olduğu "Muzulqan şəhər" (Donan şəhər), "Bahar çillaymən" (Baharı çağırıram), "Cənubka xət" (Güneyə məktub), "Tan zibasi yokmidur" (Dan gözəli yoxmudur) adlı şeirləri, "Yeni Çunqo Gülistanina" (Yeni Çin Gülistanına), "Keşker geçəsi" (Kaşqar gecəsi) dastanlarını, "Tamçə kandin miliyonlaran çeçəklər" (Damla qandan milyonlarca çiçək), "Çin moden" dramlarını, "Dənizdin sada" (Dənizdən səda), "Baş egim" (Baş geyim) kimi hekayələri vardır.
1946-cı ildə "Yürək munliri" (Ürək fəryadları), 1948-ci ildə "Tarim boyliri" (Tarım boyları) şeirlər kitabları çap olunub. 1950–1970-ci illərə qədər "Vicdan boyliri" (Vicdan boyları), "Səcdiqahımqa" (Səcdəgahıma), "Tova dep tuttum yaka" (Tövbə deyərək yaxa cırmaq), "Küz keçisi" (Payız gecəsi), "Nəvai gəzəligə muxəmməs" (Nəvainin qəzəlinə muxəmməs), "Ak emes saçimdiki" (Ağ deyil saçımdaki), "İz", 1970-ci ildən sonra isə "Yaxşi", "Sərlevhisiz şeirlar", "Ömür hekkidə muxəmməs" (Ömür haqqında muxəmməs), "Keşker güzəligə" (Kaşqar gözəlinə), "Mən ağ bayraq emes" (Mən ağ bayraq deyiləm) kimi lirik şeirlər yazıb.